Tramp ABŞ-nin münaqişəyə girmə ehtimalını açıq saxlayır

Donald Tramp

"The Wall Street Journal" üç mənbəyə istinadən yazıb ki, prezident Donald Tramp öz köməkçilərinə ABŞ-nin İrana qarşı hücumlarda İsrailə qoşulması planını təsdiqlədiyini, lakin Tehranın nüvə proqramından imtina edib-etməyəcəyini görmək üçün gözlədiyini deyib.

"Bloomberg" də məsələ ilə tanış olan mənbələrə istinadən bildirib ki, ABŞ rəsmiləri yaxın bir neçə gündə, ola bilsin, həftəsonu İrana potensial zərbə endirməyə hazırlaşır.

Oval Ofisdə jurnalistlərə verdiyi açıqlamada Tramp bu xəbərləri təsdiqləməyib, əlavə edib ki, "İranla müharibə aparmaq niyyətində deyil", amma Tehranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq üçün belə əməliyyatlar keçirməyə məcbur ola bilər: "Müharibə aparmaq niyyətində deyiləm. Amma döyüşmək ilə İranın nüvə silahına malik olması arasında seçim varsa, nə etməli olsaq, onu etməliyik". O, sonra əlavə edib: "Bəlkə, döyüşməli olacağıq".

"Bunu edə də bilərəm, bəlkə, etməyə də bilərəm. Məncə, heç kim mənim nə edəcəyimi bilmir", - Tramp jurnalistlərə deyib.

Bu arada "The New York Times" yüksəkrütbəli İran rəsmisinə istinadən yazıb ki, Tehran atəşkəsin müzakirəsi üçün ABŞ nümayəndələri ilə görüşə açıqdır və danışıqlar olarsa, xarici işlər naziri Abbas Ərağçi iştirak edəcək.

Gərginlik artdıqca, Vaşinqtonun Qərb müttəfiqləri diplomatik həll yolu tapmaq üçün səylərini gücləndiriblər. Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri iyunun 20-də Cenevrədə İran XİN rəhbəri A.Ərağçi ilə nüvə danışıqları aparmağı planlaşdırır. BMT də böhranla əlaqədar eyni günə iclas təyin edib.

Tramp və Xamenei

Xameneidən Trampa cavab

Almaniyadan olan diplomatik mənbə xəbər agentliklərinə bildirib ki, Cenevrə danışıqlarının məqsədi İranı nüvə proqramından yalnız mülki məqsədlər üçün istifadə edəcəyinə dair zəmanət verməyə razı salmaqdır. İsrail iyunun 13-dən etibarən İrana silsilə hava hücumlarına başlayıb və bunun Tehranın nüvə proqramını dayandırması üçün zəruri olduğunu bildirib.

İyunun 18-də İranın ali dini rəhbəri Əli Xamenei Trampın Tehranın "qeydsiz-şərtsiz təslim olması" çağırışını rədd edib. Xamenei bildirib ki, İran İslam Respublikasına nə sülh, nə də müharibə zorla qəbul etdirilə bilməz və ABŞ-yə bu münaqişədən kənarda qalmaq barədə xəbərdarlıq edib.

"İran xalqı təslim olan xalq deyil", - Xamenei iyunun 18-də öncədən lentə alınmış və ölkə üzrə yayımlanan televiziya müraciətində deyib. "Amerikalılar bilməlidir ki, ABŞ tərəfindən hər hansı hərbi müdaxilə, şübhəsiz ki, onların özünə bərpaolunmaz zərər vuracaq".

İran rejiminə "ciddi zərbə"

"Biz İran rejiminə ciddi zərbələr endirdik, onları İranın mərkəzi hissəsinə sıxışdırılıblar. İndi onlar səylərini İsfahan bölgəsindən raketlər atmağa yönəldiblər", - İsrail ordusunun sözçüsü Effi Defrin deyib. O, X platformasında yayımlanan videoçıxışında bildirib ki, iyunun 13-dən bəri İran daxilində 1100-dən çox hədəf vurulub.

Rəsmi orqanlar iyunun 13-dən bəri İranın İsrailə təxminən 400 raket atdığını, onun təxminən 40-nın hava müdafiəsini yararaq hədəfləri vurduğunu açıqlayıb.