Yaponiya Gürcüstandan onlayn kazinolara girişi məhdudlaşdırmağı xahiş edir

Yapon yeni

Yaponiya Gürcüstan hökumətindən Yaponiya vətəndaşlarının bu ölkə ərazisində lisenziyası olan onlayn kazinolara çıxışını məhdudlaşdırmağı xahiş edib. Bu, Tokionun qeyri-qanuni onlayn qumarla mübarizə kampaniyasının bir hissəsidir.

Gürcüstan hökuməti məsələ ilə bağlı, hələlik, mövqeyini bildirməyib.

"Kyodo" agentliyinin hökumətdəki mənbəyə istinadən verdiyi xəbərə görə, analoji sorğular daha 7 ölkə və əraziyə göndərilib. Bunlar Kanada, Kosta-Rika, Malta, Anjuan adası (Komor adaları), Kyurasao (Niderland krallığının tərkibində), eləcə də Böyük Britaniyanın dənizaşırı əraziləri olan Cəbəllütariq və Men adasıdır.

Yaponiyada xarici saytlarda qumar oyunlarında iştirak qanunsuz sayılsa da, hökumət səlahiyyətliləri bildirir ki, təkcə 2024-cü ildə Yaponiya vətəndaşları beynəlxalq idman mərc oyunlarına təxminən 6.45 trilyon yen (45 milyard ABŞ dolları) xərcləyiblər ki, bu da ölkədaxili onlayn platformalardakı mərclərin həcmini beş dəfə üstələyir.

Məşhurların və peşəkar idmançıların onlayn kazinolarda oynaması ilə bağlı xəbərlərin cəmiyyətdə geniş rezonansa səbəb olduğu bir vaxtda Yaponiya parlamentinin aşağı palatası iyunda qanunsuz onlayn qumarla mübarizə qaydalarını sərtləşdirən qanun layihəsini təsdiqləyib.

Yaponiyada lotereyalar, at yarışları, motosiklet yarışları və qayıq yarışlarına edilən mərclər istisna olmaqla, onlayn qumarın, demək olar ki, bütün formaları qadağandır. Yapon istifadəçilər üçün əlçatan olan 40 məşhur onlayn kazinonun təhlili göstərib ki, onların hamısı xaricdə lisenziyalaşdırılıb və 70 faizi Kyurasaoda qeydiyyatdan keçib.