Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibəsində həll yolu tapmağa və Ukrayna lideri ilə potensial görüşə hazır olduğunu bildirib. Rusiyanın iki gün əvvəl Kiyevə endirdiyi dron və raket zərbələri nəticəsində isə ölənlərin sayı 28-ə çatıb.
Putin iyunun 18-də Sankt-Peterburqda televiziyada yayımlanan brifinqdə xarici mediaya deyib: "Biz nəinki mövcud münaqişəyə son qoyacaq, həm də uzunmüddətli perspektivdə oxşar vəziyyətin təkrarlanmasının qarşısını almağa şərait yaradacaq bir həll yolu tapmalıyıq".
Putin bildirib ki, danışıqlar iyunun 22-dən sonra bərpa oluna bilər. Daha əvvəl o, bu tarixdə əsirlərin mübadiləsi və həlak olan əsgərlərin meyitlərinin repatriyasiyasını təklif edib.
Lakin Rusiya lideri əlavə edib ki, o, Ukrayna prezidenti Volodimir Zelenski ilə yalnız istənilən sülh danışıqlarının "son mərhələsində" görüşəcək.
"Mən hər kəslə, o cümlədən Zelenski ilə görüşməyə hazıram. Bu, problem deyil - əgər Ukrayna dövləti danışıqlar aparmaq üçün konkret birinə etibar edərsə, Allah xatirinə, bu Zelenski də ola bilər", - Putin bildirib.
"Mən onunla görüşməyə də hazıram – amma yalnız bu, bir növ yekun mərhələ olarsa", - o əlavə edib.
Putin 2022-ci ilin fevralında Ukraynaya qarşım genişmiqyaslı işğal müharibəsinə başladıqdan sonra NATO şərq cinahında qüvvələrini gücləndirərkən Qərb Rusiyaya qarşı sarsıdıcı sanksiyalar tətbiq edib.
Qərb liderləri isə Putini ABŞ prezidenti Donald Trampın irəli sürdüyü atəşkəs şərtlərinə razılıq vermədiyinə görə tənqid edirlər.